Deputat bankların kredit faizlərini tənqid etdi: hamı gözləyir ki, Prezident...

Deputat bankların kredit faizlərini tənqid etdi: hamı gözləyir ki, Prezident...
Bankların verdikləri kreditlərin faiz dərəcəsi aşağı salınmalıdır. Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Rüfət Quliyev Azərbaycanda bankların kredit faizlərinin yüksək olmasına münasibət bildirərkən deyib.

Millət vəkili xatırladıb ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti iyunun 7-də uçot dərəcəsini 8.75%-dən 8.5%-ə endirilməsi barədə qərar qəbul edib: "Uçot dərəcəsi son 1 ildən artıq müddət ərzində 2 dəfədən çox azaldılıb. Mərkəzi Bank yenə də onun azaldılmasına gedir. Atılan bu addım təkcə kreditlərə aid deyil. Azərbaycan iqtisadiyyatı, yəni iqtisadi artım, inflyasiya, makro-iqtisadi göstəricilər, işsizlik təhlil edidikdən sonra Mərkəzi Bank uçot dərəcəsində dəyişikliyə gedir. Mərkəzi Bank Uçot dərəcəsini aşağı salmaq o deməkdir ki, ölkənin makro-iqtisadi vəziyyəti stabildir, maliyyə bazarlarında stabillik mövcuddur və kifayət qədər iqtisadi artım müşahidə olunur. Belə ki, cari ilin 3 ayında 3 faiz artım qeydə alınıb".

Onun sözlərinə görə, bunların hamısı onu göstərir ki, bankların verdikləri kreditlərin faiz dərəcəsi aşağı düşməlidir: "Bəzi bankların kreditləri 15 faizlə verdiyi qeyd edilir. Ancaq bu faizlə krediti almaq olduqca çətindir. Belə ki, xeyli sayda sənədlər tələb olunur və şərtlər qoyulur. Maliyyə bazarında müsbət trendlərə və Mərkəzi Bankın siyasətinə baxmayaraq, yenə də faizlər aşağı düşmür".

R. Quliyev diqqətə çatdırıb ki, beynəlxalq standartlara uyğun olaraq ilə 10-13 faizlə kredit alan biznes çox normal sayılır: "Əksər ölkələrdə bu göstərici var. Dünya standartlarına əsasən, özəl sektorda qazanc illik 10-15 faiz olanda bu, çox gözəl göstərici sayılır. Qabaqcıl dövlətlərin banklarında kreditlər adətən 2-4 faizdən artıq olmur. Belə olan halda Azərbaycanda banklar 25 faizlə kredit verəndə insan biznesdən nə qədər pul qazanmalıdır ki, o həm faizlərin, həm də kreditin pulunu qaytara bilsin.Yəni bu, ağlabatan məsələ deyil. Faizlərin şişirdilmiş formada olması müəyyən vaxtdan sonra ona gətirib çıxaracaq ki, yenidən problemli kreditlər məsələsi gündəmə gələcək. Bu cür yüksək faizlərlə biznes olmur, ola da bilməz".

Deputat əlavə edib: "Yenə də gözləyirlər ki, cənab Prezident bu məsələyə dərhal qarışmalı, göstəriş verməlidir. Prezident çıxışlarında dəfələrlə deyib ki, artıq mikro biznes üçün şərait yaradılmalıdır. Bizim amalımız kiçik və orta biznesin istehsal etdiyi malların və onların xidmətlərinin ümumi daxili məhsulun təxminən yarısını təşkil etməsidir".

Millət vəkili dövlətin faizləri endirmək üçün banklara qarşı inzibati tədbirlər görməsinin əleyhinə olduğunu vurğulayıb: "Bu, sosial məsələlərin həllində mümkündür. Məsələn, Prezidentin problemli kreditlərin həlli ilə bağlı verdiyi göstərişi misal çəkmək olar. 2,5 ildir hamı bundan danışırdı, ancaq maliyyə bloku heç bir iş görmürdü".

R. Quliyevin sözlərinə görə, dünyada biznesmenlərin əksəri kreditlərlə işləyirlər, şəxsi vəsaitlə iş görən yoxdur: "Azərbaycan Banklar Assosiasiyası və müvafiq qurumlar birlikdə bu məsələ üzərində düşünməlidirlər. Ehtiyac olarsa, bizə də müraciət etsinlər, öz məsləhələtlərimizi verək. Hər bir deputatın seçildiyi rayonda ən azı 40 min seçicisi var, bu baxımdan millət vəkilləri onların problemlərinə daha yaxından bələddirlər". 

Загрузка...

Xəbər lenti