"Harda nəyi danışdığınıza fikir verin!" - Dadaşlinski Cümşüd Nuriyevi danladı

İTV-də yayımlanan "3D" verilişinin növbəti qonağı son günlərdə bəlkə də ən çox tənqid olunan sabiq deputat Cümşüd Nuriyev olub.
"Yeni Sabah" xəbər verir ki, Dadaş Dadaşlinskinin ilk sualı da elə Nuriyevin gündəmdən düşməyən çıxışı ilə bağlı olub.

Sabiq deputat öncə özünə haqq qazandırmaq istəsə də, sonra səhv etdiyini və bu çıxışa görə üzr istədiyini deyib: "Saytlar mənim sözlərimi tam şəkildə verməyiblər. Kəsib, calayıblar. Verilişdə o dövrdə parlamentə olan hücumu göstərirdilər və mən də orda olan 6 nəfərdən biri idim. Həmin anda mən o emosiyaları bir də yaşamaq məcburiyyətində qaldım. İnsan emosional olanda onun beyni ilə dili arasında müəyyən problem yaranır. Parlamentə gələn qadınların heç biri Qarabağda döyüşməmişdi". 

Dadaşlinskinin qonağa çıxışını sözbəsöz xatırlatmasından sonra o bunları deyib: "Bəli razıyam ki, bir az emosional çıxış etdim. Sonradan anladım ki, mənim üslub seçimim səhv idi. Bu qədər emosional olmaq lazım deyildi. Mən yenə də sizin efirdən istifadə edib üzr istəyirəm".

Həmçinin Cümşüd Nuriyev onunla verilişdə çıxış edənləri də günahlandırıb: "Onlar müdaxilə edib səhvimi mənə xatrılatsaydılar, həmin anda səhvimi düzəldib üzr istəyərdim. Amma hamısı susdu. Mən də, səhvimi anlamadım". 

Verilişin gedişatında sabiq deputat Şuşanın işğalı ilə bağlı maraqlı açıqlama verib: "Mən 1992-ci ildə Səddam Hüseynin ad günündə iştirak edəndə tərcüməçi məndən Şuşanı soruşdu. Hansı ki, o, sonradan İraqın Rusiyadakı səfiri kimi çalışırdı. O, mənə dedi ki, mayın 9-na qədər Şuşa veriləcək. Mən ayın 5-i qayıtmalıydım amma 2-si gəldim. Milli Məclisdə çıxış etdim ki, Şuşanın verilməsi ilə bağlı razılaşma var. Azərbaycanın Müdafiə Nazirliyi səviyyəsində bunu razılaşdırıblar. Bu ssenarini hazılamışdılar və istəmirdilər ki,  Azərbaycan öz statusunda qalsın".

Sonda Dadaşlinski yarı məsləhət, yarı irad formasında bunları deyib: "Harda nəyi danışdığınıza fikir verin!"

loading...

Xəbər lenti