Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək

Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, respublikanın müxtəlif regionlarında hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımların göstərilməsi istiqamətində tədbirlər mütəmadi qaydada həyata keçirilir. Dekabrın 7-dən başlayaraq hər ayın birinci və axırıncı həftəsinin şənbə günlərində məcburi köçkünlərin yığcam məskunlaşdıqları yaşayış məntəqələrində vətəndaşların hüquqi maarifləndirilməsi və onlara hüquqi yardım xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Layihəyə uyğun olaraq, dekabrın 7-də məcburi köçkünlərin yığcam şəkildə məskunlaşdıqları "Qobu Park-2” yaşayış kompleksində vətəndaşlarımıza hüquqi yardım xidmətlərinin göstərilməsi planlaşdırılıb. Saat 11.00-dan 14.00-dək davam edəcək tədbirdə Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkilləri tərəfindən hüquqi maarifləndirmə və hüquqi yardım işi göstəriləcək.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm təşkil olunacaq.

loading...

Xəbər lenti