Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən maraqlı açıqlama

Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən maraqlı açıqlama
Azərbaycanda iqtisadiyyatın mühüm problemlərindən biri məmur oliqarxiyasının mövcudluğudur. Müstəqil ekspertlərin, bir sıra millət vəkillərinin mütəmadi olaraq dilə gətirdikləri bu problemin həlli istiqamətində ciddi addımların atılmasını cəmiyyət böyük maraqla gözləyir. Son vaxtlar həyata keçirilən bəzi tədbirlər, səsləndirilən fikirlər iqtisadi proseslərin normal məcrada inkişafını əngəlləyən məmur-biznes bağlılığına qarşı təsirli vasitələrdən istifadə olunacağına dair ümidləri artırır.
Belə addımlardan biri olaraq Əli Əsədovun ölkənin Baş Naziri postuna təyinatıdır. Hesab olunur ki, məmur oliqarxiyasına yaxından bələd olan yeni baş nazir bu qrupun neytrallaşdırılması istiqamətində təsirli mexanizmlərin hazırlanmasında mühüm rol oynayacaq. Bir neçə gün əvvəl 2019-cu ilin doqquz ayının social-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı ölkə prezidenti Ə.Əsədova mühüm tapşırıqlar verdiyini bildirib. Bu tapşırıqlar sırasında islahatların davam etdirilməsi, ən əsası isə kadr islahatlarının aparılması, gənc, bacarıqlı və müasir dünyagörüşlü şəxslərin vəzifələrə təyinatı da qeyd edilib. Prezident son illərdə təyin edilən gənc nazirlərin işindən razılıq etməklə yanaşı, bəzi məmurların onlara mane olmağa çalışdıqlarını da xüsusi vurğulayıb. Aydın məsələdir ki, öz fəaliyyətində şəffaflığı təmin edən, korrupsiya imkanlarını minimum endirən gənc nazirlərin fəaliyyəti ilk növbədə korrupsiyaya bulaşmış, özlərinin iqtisadi və biznes maraqlarını dövlət maraqlarından önə qoyan məmur-oliqarxların mənafelərilə ziddiyyət təşkil edir.

Prezident eyni zamanda bir sıra sahibkarların vergidən yayınmağa çalışdığını bildirərək, onlara qarşı sərt tədbirlər görüləcəyini bəyan edib. Azərbaycanda daha çox məmurlara bağlı şirkətlərin, sahibkarların vergidən yayındıqları heç kimə sirr deyil. Bu baxımdan, prezidentin vergidən yayınan sahibkarlarla bağlı dedikləri əslində onların arxasında dayanan məmur-oliqarxlara yönəlmiş xəbərdarlıq kimi də qiymətləndirilir.

İqtisadçı-ekspert Rəşad Həsənovun "Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın qeyri-neft iqtisadiyyatının qarşısındakı ən böyük maneələrdən biri məmur-oliqarxiyasının mövcudluğudur: "Düşünürəm ki, bu istiqamətdə ehtiyatlı, lakin prinsipial islahatların həyata keçirilməsinə ehtiyac var. Ehtiyatlı ona görə ki, Azərbaycanda 25 ildə kapital yığımı prosesi normadan kənar şəkildə həyata keçirilib. Kapital daha çox məmur-oliqarxların əlində cəmləşib. Burada sərt mövqenin ortaya qoyulması Azərbaycandan ciddi kapital axınına gətirib çıxara bilər. Bu vəsaitlər ölkə iqtisadiyyatından kənara yönləndirilə bilər ki, bu, indiki şərtlər daxilində qətiyyən arzuolunan deyil. Çünki Azərbaycanda kapitala ciddi ehtiyac var, kapital da bir neçə adamın əlində cəmləşib. Onların prosesdən kənarlaşdırılması kapitalın iqtisadiyyatdan axmasına gətirib çıxara bilər. Buna görə də prosesin mərhələli şəkildə aparılmasına ehtiyac var”.

Ekspert hesab edir ki, artıq proseslərin mövcud mexanizmlə davam etməsi mümkün deyil: "Konkret dəyişikliklərin baş verməsi lazımdır. Bu dəyişikliklər də ilk olaraq başlamalıdır məmurların iqtisadiyyatdan mərhələli çəkildə kənarlaşdırılmasından. İcraedici, yaxud qərarverici olmasından asılı olmayaraq, məmur iqtisadi proseslərdə iştirakçı olursa, o korrupsiya üçün şərait yaradır. Çünki səlahiyyətlərindən öz mənafeyi üçün istifadə edir. Bu maraqlar konflikti yaradan mənzərə aradan qaldırılmalıdır. İkinci mərhələ maliyyə amnistiyası olmalıdır. Aktivlərin leqallaşdırılması ilə bağlı hökumət bütün oyunçulara, o cümlədən məmur-oliqarxlara da şərait yaratmalıdır. Hətta indiyədək xaricə çıxarılmış kapitalın da ölkəyə qaytarılması ilə bağlı məqamlar da nəzərə alınmalıdır. Bu kapital ölkəyə gətirilməli və ölkə iqtisadiyyatına yatırılması təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, məmur oliqarxiyası, yaxud himayədarlıq iqtisadiyyatda inhisarın əsas təməlini formalaşdırır. İnhisar isə təbii rəqabətin olmamasına, son nəticədə Azərbaycan iqtisadiyyatının qlobal rəqabətliliyinə neqativ təsir göstərir. Ölkədə istehsal olunan məhsulların dünya bazarlarında rəqabət imkanları məhduddur. Nəticədə bu gün bizim qeyri-neft ixracımız idxalımızdan təxminən 7-8 dəfə aşağıdır. Bu, çox ciddi problemdir - bu ilin 8 ayında biz təxminən 1,4-1,5 milyard dollarlıq qeyri-neft məhsulu ixrac etmişik, əvəzində 11 milyard dollardan artığını idxal etmişik. Bu, məhz iqtisadiyyatın qeyd olunan təməl nöqsanları - inhisarçılığın, məmur oliqarxizminin, himayədarlığın nəticəsidir. Və bunlar tamamilə aradan qaldırılmalıdır”.

R.Həsənovun sözlərinə görə, kimlərdə himayədarlarına arxayın olub fəaliyyətində qanunlardan kənara çıxırsa, digərləri də onlara uduzmamaq üçün eyni addımı atmağa məcbur olurlar: "Yəni bəziləri himayəçilərinin sayəsində istehsalını, satışını vergidən yayındırırsa, digərləri də bazarda qalmaq üçün eyni addımı atmağa məcbur olurlar. Əks halda, qanuni ödənilən vergilər satdıqları, yaxud istehsal etdikləri məhsulların maya dəyərinə oturub onu bahalaşdıracaq və bu da bazar payının itirilməsi ilə sonuclanacaq. Bu isə iqtisadiyyatın digər kəskin problemini - gizli iqtisadiyyatı yaradır. Məmur oliqarxiyasına qarşı addımlar ölkədə gizli iqtisadiyyatın da həcmini aşağı salacaq”.

Ekspert qeyd edir ki, ölkədə vergidənyayınmanın əsas səbəblərindən biri büdcə xərcləmələrindəki qeyri-şəffaflıqla bağlıdır: "Şəffaflıq olmadıqda insanlarda, sahibkarlarda ödədiyi vergilərin şəffaf xərclənməsinə inamsızlıq yaradır. Bu inamsızlıq isə vergi ödəmək mədəniyyətinin oturuşmasına imkan vermir. Buna görə də vergilər hesabına formalaşan büdcə vəsaitlərinin xərclənməsində tam şəffaflıq yaradılmalıdır. Çox müsbət haldır ki, ölkə rəhbərliyi bu məsələni önə çəkdi və xərcləmələrə nəzarətin gücləndiriləcəyini dedi. Bu sahədə sərt mübarizənin aparılması sahibkarla - ödəyici ilə dövlət arasında inamı gücləndirəcək. Ölkə iqtisadiyyatında sağlam rəqabət mühiti formalaşdırılmalı, iqtisadiyyat mümkün qədər liberallaşdırılmalı, bütün oyunçular üçün mümkün qədər bərabər, ədalətli şərtlər formalaşdırılmalıdır. Bunun üçün də məmur özbaşınalığına, inhisarçılığa və himayədarlığa son qoyulmalıdır”.

loading...

Xəbər lenti