Qurban Qurbanov “avtoşluq” edən futbolçunu cəzalandırdı

Qurban Qurbanov “avtoşluq” edən futbolçunu cəzalandırdı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.

Virtualaz.org bildirir ki, VIII turun açılış matçında "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 3-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Qismət Alıyev açıb. Altı dəqiqə sonra isə İsmayıl İbrahimli bərabərlik qolunu vurub.

Qalan bölümdə qapılara qol vurulmayıb. Beləliklə, "Qarabağ" Premyer Liqada ilk dəfə xal itirib. Bununla belə, xallarını 22-yə çatdıran Ağdam komandası liderliyini qoruyur. Xallarını 6-ya çatdıran "Qəbələ" isə yenə 7-cidir.

Yeri gəlmişkən, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu Araz Abdullayevi "Qəbələ” ilə səfərə gedən heyətə daxil etməmişdi.

Məsələ ondadır ki, 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə "Instagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün baş məşqçinin qəzəbinə tuş gəlib.

Azərbaycan millisinin üzvü barədə yekun qərarın necə olacağı hələlik bilinmir.

Amma video həqiqətən də birmənalı qarşılanmayıb. Ən azı ona görə ki, A.Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurmuşdu və onlardan biri yerindəcə dünyasını dəyişmişdi...
 

loading...

Xəbər lenti