Təyyarələrdən gələn bəd xəbər – MİQ29-un QARA QUTUSUNDAN nələr çıxa bilər?

Təyyarələrdən gələn bəd xəbər – MİQ29-un QARA QUTUSUNDAN nələr çıxa bilər?
QARA QUTU – "Pilot: Dönmə, bu bizim yolumuzdur.

İkinci pilot: Kapitan! Kapitan! Kapitan!

Təyyarə hündürlüyünü itirir, suya düşür...”.

Təyyarə dünyada ən təhlükəsiz nəqliyyat növü hesab edilir. Hava gəmilərinin qəzaya uğrama ehtimalı digər nəqliyyat vasitələrindən daha aşağıdır. Ölüm halları da təyyarələrdə daha az təsadüf edilir. Ancaq ən xırda problemlər belə təyyarələrdə böyük faciələrə səbəb olur.

Aviasiya qəzaları zamanı hadisənin təfərrüatlarını öyrənmək üçün təyyarənin qara qutusu – bort qeydiyyatçısı dinlənilir. Bu qurğu pilot kabinəsindəki səsləri və uçuş məlumatlarını yazır. Kifayət qədər möhkəm, paslanmayan poladdan düzəldildiyi üçün qəza zamanı şiddətli zərbələrə tab gətirə bilir. Hətta qəzadan 7 il sonra dənizin dibində tapılmış qara qutunu dinləmək mümkün olub. Bu da təcrübədə qara qutunun möhkəmliyi ilə bağlı deyilənləri sübut edir. Lakin qara qutuların yararsız vəziyyətdə tapılması hallarına da rast gəlinib.

Əvvəllər bort qeydiyyatçılarını qanadların birləşmə nöqtəsi yaxınlığına yerləşdirirdilər. Qəzalar zamanı təyyarənin həmin hissəsinin ağırlığı qutunu yararsız vəziyyətə gətirirdiyi üçün sonralar bort qeydiyyatçılarını təyyarələrin quyruq hissəsində yerləşdirməyə başladılar. Çünki bu yer qutunun qəzaya uğrayan təyyarədən kənara düşməsini təmin edir.

Bort qeydiyyatçıları niyə qara qutu adlanır?

Bort qeydiyyatçısının rəngi qara yox, narıncı və ya qırmızı olur. Çünki qəzalar zamanı quruda və dənizdə dağıntılar altında rəngli qutuları tapmaq daha asandır. Bəs nəyə görə qara qutu adlanır? Bunun bir neçə səbəbi var.

İlk vaxtlar bort qeydiyyatçılarının üzərinə qara rəngli örtük çəkilirdi. Məqsəd qutunun içərisindəki maqnit lenti işıqdan qorumaq idi. Sonralar buna ehtiyac qalmadı. Texnologiya inkişaf etdikcə maqnit lentlər də flaş-yaddaşlı səsyazma qurğuları ilə əvəzlənməyə başlandı. Yeni nəsil qara qutuların müsbət cəhəti onun tərpənən hissələrinin olmamasıdır. Bu qutular informasiya itirmək qorxusu olmadan 6000 metr dərinlikdə 1 ay müddətində qalma və 2 ton statistik yükə 5 dəqiqə dözmə qabiliyyətinə malikdir.

Bort qeydiyyatçılarının qara qutu adlandırılmasının başqa bir səbəbi isə bəd xəbər daşıyıcısı olmasıdır. Adətən, aviaqəzanın təfərrüatlarını öyrənmək üçün bu, yeganə vasitə olur. Təbii ki, mütəxəssislər, ictimaiyyət nümayəndələri qara xəbər daşıyıcısını ürək ağrısı ilə dinləyir, faciə zamanı pilotların söylədikləri son sözlərdən göz yaşları içində xəbər tuturlar.

Müasir qara qutularda nə çatışmır?

Tekniki inkişaf nəticəsində qara qutular daha yığcam, yüngül və etibarlı qurğulara çevrilsələr də, mükəmməllik dərəcəsində deyillər. Halbuki həmin qurğuların daha mükəmməl informasiya daşıyıcısına çevrilməsi üçün kifayət qədər imkanlar var. Lakin dövrümüzdə texnoloji yeniliklərin bort qeydiyyatçılarına tətbiqi prosesi olduqca ləng gedir. Söhbət daha çox qurğuya videoməlumatların yerləşdirilməsindən gedir. Günümüzdə balaca uşaqdan qocayadək hər kəsin əlində videoçəkiliş funksiyalı smartfonlar olsa da, təyyarə qəzalarının səbəblərini daha müfəssəl - ən xırda detallarınadək araşdırmağa imkan verən kamera sisteminin tətbiqi yubanır. Bunu maliyyə məsələləri ilə əlaqələndirirlər. Ona görə də aviaşirlətlər tələsmirlər. Amma söhbət insan həyatından gedirsə və bu sistem baş verən qəzaların səbəbini araşdırmağa, təhlil etməyə imkan verirsə, vaxt itirmək olmaz.


P.S. Bu günlərdə Azərbaycan xalqı təyyarə qəzası xəbəri ilə sarsıldı. İyulun 24-də Hərbi Hava Qüvvələrimizin gənc və peşəkar pilotu polkovnik-leytenant Rəşad Atakişiyev MiQ-29 təyyarəsi ilə plana uyğun olaraq gecə təlim uçuşunu yerinə yetirən zaman qəzaya düşdü. Əvvəlcə təyyarənin radardan itməsinin səbəblərinin tam müəyyənləşməməsi, qəza ehtimalının təsdiqini tapmaması pilotun sağ qaldığına dair ümidləri artırmışdı. Ancaq bir müddət sonra təyyarənin bəzi hissələrinin dənizin dibində aşkar edilməsi, daha sonra R.Atakişiyevin katapult etmədiyinin təsdiqlənməsi, ardınca qara qutunun tapılması cəmiyyətdə bədbinlik üçün əsas yaratdı. Avqustun 20-də isə təyyarənin digər qalıqları ilə bərabər pilotun nəşi tapılaraq sudan çıxarıldı. MiQ-29 sonuncu dəfə onu ölümə apardı...

Qəzanın təfərrüatları isə hələ məlum deyil. Qırıcının qara qutusundakı məlumatlar oxunma mərhələsindədir. Yəqin ki, qəzanın səbəbləri barədə ictimaiyyətə məlumatlar çatdırılacaq. Fakt isə budur ki, qəza baş verib və daha bir peşəkar pilotumuz artıq iş başında olmayacaq...

Bəlkə nə vaxtsa texnologiya elə səviyyəyə çatacaq ki, qara qutulara ehtiyac qalmayacaq, heç bəd xəbərlər də almayacağıq. Daha təyyarələrin nə ekipaj heyətləri, nə də sərnişinləri hansısa qəzaların qurbanına çevriləcəklər.

Doğrudur, bu haqda danışmaq hələ tez olsa da, keçmişdə əlçatmaz, xəyal hesab edilənlər günümüzdə reallıq, heç də qeyri-adi səslənməyən həqiqətlərdir. Ona görə də, inanaq və ümid edək ki, dünyanın görkəmini dəyişən, müasirləşdirən, sürətini artıran insan zəkası bunun da öhdəsindən gələcək.



//ted.az
loading...

Xəbər lenti